CƏMİYYƏT


Külli miqdarda zərgərlik məmulatının gizli yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 8 fevral, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gizli yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysi ilə gələn xanım sərnişin, Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarəti zonasını tərk etdikdən sonra saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Yoxlamadan öncə, vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı əşyanın olub-olmadığı soruşulub və o, belə bir əşyanın olmadığını bildirib. Lakin gömrük əməkdaşının onun bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini söyləyib.

Daha sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını, bəzilərinin üzəri qaşlarla bəzədilmiş - 11 ədəd üzük, 8 ədəd sırğa cütü, 12 ədəd tək sırğa, 3 ədəd kulon, 3 ədəd sırğa-üzük dəsti, 2 ədəd boyunbağı-qolbaq dəsti, 2 ədəd boyunbağı-qolbaq-sırğa-üzük dəsti, 7 ədəd kulonlu boyunbağı, 8 ədəd qolbaq və 14 ədəd boyunbağını çıxararaq gömrük nəzarətinə təqdim edib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 253,16 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.