CƏMİYYƏT


Kür çayı sahillərində təmizlik kampaniyasına başlanılıb

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), IDEA İctimai Birliyi və dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli “Blue Marine Foundation” (BMF) təşkilatı ilə birgə xüsusi əhəmiyyətə malik içməli su mənbəyi olan və suvarma əhəmiyyətli Kür çayının sahil ərazilərində “Təmiz Kür” adlı təmizlik kampaniyasına başlayıb.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kampaniyaya Salyan şəhərinin və Sabirabad rayonunun Məmişlər kəndinin Kür çayı sahillərində start verilib. Keçirilən aksiyada nazirliyin əməkdaşları və IDEA İctimai Birliyinin könüllüləri ilə birgə yüzlərlə ictimaiyyət və müxtəlif QHT nümayəndələri, o cümlədən əsasən yerli gənclərdən ibarət könüllülər dəstəsi iştirak edib.

Kampaniyanın əsas məqsədi Kür çayı sahillərinin tullantılarla çirkləndirilməsinin qarşısının alınması, o cümlədən bu ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə Xəzər bioresurslarına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsidir.

Nazirliyin aidiyyəti qurumları tərəfindən tullantıların idarə olunması istiqamətində mütəmadi olaraq monitorinqlər, reydlər keçirilir, fiziki və hüquqi şəxslər qanunamüvafiq qaydada cərimə edilir. Lakin bu, mövcud problemlərin aradan qaldırılmasına kifayət etmir. Məlumdur ki, ətraf mühit problemlərinin aradan qaldırılmasında normativ və institusional tədbirlərlə yanaşı, ictimai aksiya və maarifləndirmə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar ETSN İDEA İctimai Birliyi ilə birgə ictimaiyyəti, o cümlədən çay kənarına yaxın yaşayış məskənlərinin sakinlərini Kür çayını çirkləndirməməyə və canlılara həyat verən “Ana” dediyimiz Kürün sahillərini təmiz saxlamaqla onu qorumağa çağırır. ETSN və İDEA İctimai Birliyi ictimaiyyət nümayəndələrinin müxtəlif təbəqələrinin bu kampaniyaya qoşulmasını yüksək qiymətləndirir. Bu istiqamətdə tədbirlər Kür çayının sahilboyu yaşayış ərazilərində məskunlaşan əhali üçün mütəmadi olaraq davam etdiriləcək.

Məlumatda bildirilir ki, Qafqaz regionunda ən böyük su hövzəsi olan Kür çayı ölkəmizin əsas su mənbəyidir. Min illərdir Kür çayı ətrafında məskunlaşmış əhali çayın suyundan həm təsərrüfat sahələrinin suvarılması, həm də içməli su kimi istifadə edir. Amma təəssüf ki, bu nemət hesab etdiyimiz suyun qədrini bilməyən bəzi insanlar çayın sahillərinə məişət tullantıları atmaqla onu daha da çirkləndirir, infeksion xəstəliklərinin yayılması üçün münbit şərait yaradırlar. Su mənbələrinin çirklənməsi suyu əhalinin içməsi və təsərrüfat işlərində istifadəsi üçün yararsız etməklə bərabər, həmin hövzələrdəki biomühitə də olduqca mənfi təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.