CƏMİYYƏT
Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
Bakı, 25 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayının II ongünlüyü üçün növbəti monitorinqlər həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayında suyun sərfi oktyabr ayının I ongünlüyünə nisbətən saniyədə 23 kubmetr artıb. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3,1, Ağstafaçay su anbarında isə 2,8 dəfə yol verilən qatılıq həddini keçib.
Fenolların Araz çayı üzrə Horadizdə 2, Birinci Şahsevəndə 3, Bəhramtəpədə isə 3,2 dəfə qatılıq həddini keçdiyi qeydə alınıb.
Mis birləşmələri Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi isə bütün məntəqələrdə sanitar norma daxilində dəyişib.