CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb
Bakı, 26 avqust, AZƏRTAC
Ötən günlər ərzində respublika çaylarının sululuğunda mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-90, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, avqustun 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 108 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 25 kubmetrdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 4 santimetr azalıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 363, Salyanda 144, Bankədə 177, Novruzlu məntəqəsində isə 71 santimetrdir.