CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 15 santimetr azalıb
Bakı, 17 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ölkə ərazisində yağan yağış, yağışın bəzi yerlərdə leysan xarakterli olması nəticəsində respublikanın əksər çaylarında sululuq artıb, Pirsaatçay və Göyçay çaylarından isə qısamüddətli daşqın və sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 100-180, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, mayın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 450 kubmetr olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 330 kubmetr olmaqla ongünlük normanın 44 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 189 kubmetr olmaqla, ongünlük normanın 93 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 139 kubmetr təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 16, Salyanda 24, Bankədə 8 santimetr artım, Araz çayının Novruzlu məntəqəsində və Surrada 10 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 (2016-cı il mayın 17-də 368 sm), Şirvanda 239, Salyanda 197 (2016-cı il mayın 17-də 223 sm), Bankədə 191 (2016-cı il mayın 17-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 73 santimetr (2016-cı il mayın 17-də 80 sm) təşkil edir.