CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi sabit qalıb
Bakı, 7 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan Muxtar Respublikasında çaylarında isə 40 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, iyulun 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr olmaqla ongünlük normanın 37 faizini təşkil edir. Ötən il isə bu rəqəm saniyədə 255 kubmetr olmaqla ongünlük normanın 85 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 44 kubmetr olmaqla ongünlük normanın 31 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 177 kubmetr təşkil edərək ongünlük normanın 121 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 14, Salyanda 12, Araz çayının Novruzlu məntəqəsində 10 santimetr azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 (2016-cı il iyulun 7-də 323 sm), Şirvanda 191, Salyanda 125 (2016-cı il iyulun 7-də 82 sm), Bankədə 193 (2016-cı il iyulun 7-də 178 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetr (2016-cı il iyulun 07-də 40 sm) təşkil edir.