CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub
Bakı, 8 fevral, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 210-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 200-300 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 77 m3/s olmaqla, ongünlük normanın 112 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 24, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Bankədə 4 sm artım qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 438 sm, Şirvanda 329 sm, Salyanda 318 sm, Bankədə 237 sm, Araz çayının Novruzlu məntəqəsində isə 168 sm təşkil edir.