CƏMİYYƏT
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb
Bakı, 24 fevral, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 200-210, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-220 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 120 kubmetr olmaqla ongünlük normanın 62 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi saniyədə 67 kubmetr olmaqla ongünlük normanın 88 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 4, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 469, Şirvanda 357, Salyanda 321, Bankədə 239, Araz çayının Novruzlu məntəqəsində isə 185 santimetr təşkil edir.