CƏMİYYƏT
Kür çayının Şıxlı-2 məntəqəsində fenolların miqdarı normadan 5,1 dəfə çox olub
Bakı, 25 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti dəfə monitorinq aparıb.
Departamentdən AZƏRTAC-a bildirilib ki, iyulun ikinci ongünlüyündə Kür çayında suyun sərfi ayın birinci ongünlüyünə nisbətən saniyədə 31,9 kubmetr azalaraq, saniyədə 92,1 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə edilib.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH) Şıxlı-2 məntəqəsində 5,1, Ağstafaçayda 4,6, Ağstafaçay su anbarında isə üç dəfə keçib.
İyulun ikinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 2, I Şahsevəndə 1,7, Bəhramtəpədə isə 2,2 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,36-7,07 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.