CƏMİYYƏT
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb
Bakı, 28 noyabr, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 190-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, noyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 173 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 5 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 80 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik baş verməyib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 15 santimetr azalıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 518, Salyanda 345, Bankədə 262, Novruzlu məntəqəsində isə 223 santimetrdir.