CƏMİYYƏT
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb
Bakı, 17 fevral, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 170-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-100 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 135 kubmetr olmaqla ongünlük normanın 79 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Məntəqədə su sərfi saniyədə 59 kubmetr olmaqla ongünlük normanın 84 faizini təşkil edir.
Fevralın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində və Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma, Bankədə 10, Salyanda isə 7 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 475, Şirvanda 353, Salyanda 336, Bankədə 259, Araz çayının Novruzlu məntəqəsində isə 195 santimetr təşkil edir.