CƏMİYYƏT
Kür və Araz transsərhəd çaylarında aparılmış monitorinqin nəticələri açıqlanıb
Bakı, 22 noyabr, AZƏRTAC
Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən AZƏRTAC-a verilən məlumata görə, suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.1, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2.9 dəfə yol verilən qatılıq həddini keçib. Fenolların Araz çayı üzrə Horadizdə 3.4, Birinci Şahsevəndə 3, Bəhramtəpədə isə 2.6 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib.
Monitorinqin nəticələrinə görə, mis birləşmələri Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi isə bütün məntəqələrdə 5.90-6.25 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.