REGİONLAR
Kürdəmir: Seçkilərə hazırlıq işləri başa çatdırılıb VİDEO
Kürdəmir, 20 oktyabr, AZƏRTAC
57 saylı Kürdəmir seçki dairəsi üzrə fəaliyyət göstərən 41 seçki məntəqəsində noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə hazırlıq işləri başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, şəhər mədəniyyət evində fəaliyyət göstərən 3 saylı seçki məntəqəsi artıq səsvermə gününə hazırdır və indi burada seçicilərə bildirişlər paylanılır. Qeyd edək ki, bura dairənin ən iri məntəqələrindən biridir. Məntəqə üzrə 1418 seçici qeydə alınıb. Onlardan 22 nəfəri ilk dəfə səs verən gənclərdir.
Səsvermə prosesini məntəqədə quraşdırılan veb-kamera vasitəsilə onlayn izləmək mümkün olacaq. Məntəqədə səsvermə üçün 8 kabinə hazırlanıb, daşınan və daşınmaz qutular qoyulub, məlumat lövhəsi yaradılıb. Giriş hissədə seçici siyahısı asılıb. Müşahidəçilər və KİV nümayəndələri üçün ayrıca yerlər müəyyənləşdirilib. Onların səsvermə günü sərbəst, maneəsiz fəaliyyət göstərmələri məqsədilə hər cür şərait yaradılıb. Bütün lazımi inventar və avadanlıqlarla təchiz edilən məntəqə səsvermə günü dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Məntəqə seçki komissiyasının sədri İnqilab Abdulrahmanov ölkə həyatı üçün mühüm hadisə olan 1 noyabr - parlament seçkilərinin mütəşəkkil surətdə, demokratik və şəffaf keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirib.