REGİONLAR
Kürdəmir: pambıqçılığın və baramaçılığın inkişafı ilə əlaqədar qarşıda mühüm vəzifələr durur
Kürdəmir, 15 iyul, Adil Ağayev, AZƏRTAC
Kürdəmirdə keçirilən şura iclasında cari ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, məsələ ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun hesabatı dinlənilib, müzakirələr aparılıb. Vurğulanıb ki, ilk altı ayda rayonda sosial-iqtisadi sahələrdə bir sıra uğurlu nəticələr qazanılıb. Yarım ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 1,9 faiz artaraq 183 milyon 60,1 min manat təşkil edib. Bu müddətdə rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılıb. Əlverişsiz keçən hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, zəmilərdən 103,4 min tondan çox taxıl istehsal edilib, hər hektardan 25,7 sentner məhsul götürülüb.
Prezident İlham Əliyev pambığın, baramanın, tütünün ixracyönümlü məhsullardan olmasını, ölkənin valyuta ehtiyatlarının artırılmasında və yeni iş yerlərinin yaradılmasında böyük əhəmiyyətini nəzərə alaraq, respublikamızda bu sahələrin inkişafını mühüm vəzifə kimi qarşıya qoyub. Həmin vəzifələrin icrasını təmin etmək üçün bu il rayonda qısa müddətdə çiyid səpiləcək yerlər müəyyənləşdirilib, lazımi hazırlıq işləri görülüb, 1911 hektarda pambıq əkilib. Hazırda becərmə işləri davam etdirilir. Bu işlərdə kifayət qədər texnika, 600 nəfərdən çox işçi qüvvəsi çalışır. Növbəti ildə Kürdəmirdə 4000 hektar sahədə pambıq əkilməsi üçün tədbirlər görülür.
Baramaçılığın inkişaf etdirilməsi üçün bu il 46 kümçüyə 80 qutu ipəkqurdu toxumu verilmişdi. Kümçülər tərəfindən “Şəki İpək” ASC-yə 3577,5 kiloqram barama satılıb. Gələn il barama istehsalının 7 tona çatdırılması üçün yem bazasının yaradılması məqsədilə hazırlıq işləri aparılır. Bu məqsədlə 15 minə yaxın tut tinginin əkiləcəyi yerlər müəyyənləşdirilib.
Rayonda heyvandarlıq və quşçuluq sahələrində dinamik inkişaf davam edir. Yarım ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2 faiz, süd istehsalı 2,8 faiz, yumurta istehsalı 0,2 faiz, yun istehsalı 0,5 faiz artıb.
Şura iclasında əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatının yaxşılaşdırılması, təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahələrində görülən işlərdən də ətraflı danışılıb.
Əminliklə vurğulanıb ki, kürdəmirlilər Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iyulun 10-da keçirilən iclasındakı nitqində qarşıya qoyduğu vəzifələri rəhbər tutacaq, ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün əllərindən gələni əsirgəməyəcəklər.