REGİONLAR
Kürdəmir rayonunda Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 13 mart, AZƏRTAC
Kürdəmir rayonu ərazisindəki Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolu “Azəravtoyol” ASC tərəfindən yenidən qurulur.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 34 kilometr, mövcud eni 6 metr təşkil edir .
Hazırda ərazidə 10 metr enində yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yenidən qurulan yolun hərəkət hissəsinin eni layihə çərçivəsində 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Tikintisi aparılan yol 2 hərəkət zolağından ibarət olacaq.
Torpaq işləri tamamlandıqdan sonra yolun 200 min kvadratmetrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Eyni zamanda, tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 11 ədəd suötürücü boruların quraşdırılması işləri də aparılacaq.
Bundan başqa, yol üzərində yerləşən 2 avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Hər iki körpünün uzunluğu 60 metr, hərəkət hissəsinin eni isə 5-6 metr təşkil edir.
Tikinti işləri yekunlaşdıqdan sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Yenidənqurma işləri nəticəsində xüsusən payız-qış mövsümündə torpaq və çınqıl örtüklü yolla hərəkətdə yaşanan problemlər tam olaraq aradan qaldırılacaq. Həmçinin həmin ərazidə yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz çıxış əldə etməklə, yük və sərnişin daşımasının xeyli asanlaşdırılmasıması nəzərdə tutulub. Bu isə öz növbəsində insanların yetişdirdikləri məhsulları rahat şəkildə daşıması ilə sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.
Qeyd olunub ki, yenidənqurma işləri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 N-li Sərəncamı ilə təsdiq edilmiş 2017-ci il Dövlət büdcəsi dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılır.