CƏMİYYƏT
Kürdəmir rayonunda həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 6 mart, AZƏRTAC
Martın 5-də Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində yolun kənarında üzərində zorakılıq əlamətləri olan kişi cəsədinin aşkarlanması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,
aparılmış ilkin araşdırmalarla cəsədin rayonun Axtaçı kənd sakini, 1994-cü il təvəllüdlü Budaqov Neman Hacı oğlu olması müəyyən edilib.
Rayon polis şöbəsi və prokurorluğun əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən tarixdə saat 22:00 radələrində Axtaçı kənd sakini 1992-ci il təvəllüdlü Bağırov Toğrul Müşfiq oğlu ilə aralarında baş vermiş şəxsi münaqişə zəminində sonuncunun N.Budaqova ov tüfəngindən atəş açaraq qəsdən öldürməsində kifayət qədər şübhələr olduğundan T.Bağırov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin aləti olan ov tüfəngi isə maddi sübut kimi götürülüb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.