CƏMİYYƏT
Kürdəmirdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Kürdəmir, 22 noyabr, AZƏRTAC
Kürdəmirdəki Heydər Əliyev Mərkəzində 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdə rayonun və hüquq mühafizə orqanlarının rəhbərliyi, ağsaqqallar və ziyalılar, ictimaiyyətinin nümayəndələri, gənclər iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov tədbiri açaraq peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini təbrik edib. O, ulu öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb, həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını diqqətə çatdırıb.
Digər çıxış edənlər də peşə bayramı münasibətilə ədliyyə orqanları əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar. Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup əməkdaşa rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.