REGİONLAR
Kürdəmirdə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib
Kürdəmir, 10 noyabr, AZƏRTAC
Kürdəmirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 16 Noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, mədəniyyət işçiləri, Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən “N” saylı hərbi hissəsinin bir qrup zabit və əsgəri, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix üzrə fəlsəfə doktoru Rahib Əkbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi, “İmam Rza” məscidi dini icmasının sədri və axundu Fizuli Cəfərov çıxış edib, Azərbaycanın multikulturalizm modelinin tədqiqi və təbliği ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyi vurğulanıb, Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasətindən danışılıb və ölkəmizin müasir dünyada tolerantlıq məkanına çevrildiyi qeyd olunub. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsinin, dini sahədə sabitliyə nail olunmasının, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada tolerantlıq nümunəsinə çevrilib.