REGİONLAR
Kürdəmirdə “Fitnə” filmi nümayiş olunub
Kürdəmir, 27 may, AZƏRTAC
Kürdəmir Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə mayın 27-də rayondakı Heydər Əliyev Mərkəzində “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Fitnə” filminin nümayişi ilə başlayan tədbirdə rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli, müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, N saylı hərbi hissənin zabit və əsgərləri, təhsil işçiləri, orta məktəblərin yuxarı sinif şagirdləri, dini icma sədrləri və gənclər iştirak ediblər.
Çıxış edənlər “Fitnə” filminin gənclərin maarifləndirilməsi, milli mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığı qeyd olunub.
Tədbirdə gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.