REGİONLAR
Kürdəmirdə dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə konfrans keçirilib
Kürdəmir, 18 oktyabr, AZƏRTAC
Kürdəmir Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik edib, Azərbaycan ictimaiyyətinin dövlət müstəqilliyimizin bərpasının 25 illiyini böyük təntənə və qürur hissi ilə qeyd etdiyini bildirib. C.Cəfərov ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışıb.
Konfransda “Müstəqillik dövründə Azərbaycan Respublikasının hərbi quruculuq fəaliyyəti”, “Heydər Əliyev ideyaları milli müstəqilliyimizin mənəvi güc mənbəyidir”, “18 oktyabr dövlət müstəqilliyi günüdür”, “Azərbaycan təhsili müstəqillik illərində” mövzusunda məruzələr dinlənilib.
Vurğulanıb ki, 1991–ci il oktyabrın 18–də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə XX əsr Azərbaycan tarixinin yeni mərhələsi başlanıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşdırılması siyasəti nəticəsində qısa dövrdə dövlətimizin hüquqi-sosial bazası yaranıb, müstəqilliyi möhkəmlənib, dünya birliyinə inteqrasiyası istiqamətində çox ciddi addımlar atılıb. Ulu Öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada ən qabaqcıl ölkələr sırasına çıxıb, iqtisadi inkişaf tempinə görə lider ölkələrdən birinə çevrilib. Əlbəttə, bütün bu nailiyyətlər, qazanılan uğurlar asanlıqla əldə olunmayıb. Bu, Azərbaycan xalqının qədim tarixə malik zəngin dövlətçilik təfəkkürü və əsrlər boyu azadlıq uğrunda apardığı mübarizənin məntiqi nəticəsi idi.