REGİONLAR
Kürdəmirdə pambıq əkinlərinin üçüncü kompleks becərilməsi işləri aparılır
Kürdəmir, 29 iyun, AZƏRTAC
Kürdəmir rayonunda bu ildən etibarən təsərrüfatın ənənəvi sahəsi olan və uzun illərdən bəri diqqətdən kənarda qalan pambıqçılığa xüsusi önəm verilir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına, o cümlədən pambıqçılığa göstərilən dövlət dəstəyi kürdəmirli fermerlərin də bu sahəyə marağını artırıb. Təsadüfi deyildir ki, cari mövsümdə rayonun 30 yaşayış məntəqəsində 1911 hektarda pambıq əkilib və mütəxəssislər gələn il əkin sahələrinin 4 min hektaradək artacağı qənaətindədirlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, hazırda rayonda pambıq əkini sahələrində 3-cü kompleks becərmə işləri aparılır. Pambıq kolları artıq kütləvi qönçələmə və çiçəkləmə mərhələsindədir. Becərmə işlərinə 500 nəfərdən çox işçi qüvvəsi, kifayət qədər texnika cəlb olunub.