REGİONLAR
Kürdəmirin Carlı kəndinə təbii qaz verilib
Kürdəmir, 10 avqust, AZƏRTAC
Kürdəmir rayonunda 221 yaşayış evinin olduğu Carlı kəndinə “mavi yanacaq” verilib. Kəndin qazlaşdırılmasında 25 min 456 metrlik müxtəlif diametrli metal və polietilen borulardan istifadə olunub.
AZƏRTAC xəbər verir ki, avqustun 10-da kəndə təbii qazın verilməsi təntənəli mərasimlə qeyd olunub. Mərasimi açan rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli sakinləri təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə, o cümlədən Kürdəmirdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, əhalinin sosial qayğılarının həllinə göstərilən diqqətdən danışıb.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov mərasimdə çıxış edərək regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrlə əlaqədar Kürdəmirdə görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs edib. Vurğulayıb ki, hazırda Muradxan, Mollakənd və Türkədi kəndlərində qazlaşdırma işləri davam edir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də təbii qaz veriləcək. Habelə ilin sonunadək Qarabucaq qəsəbə, Qarabucaq kənd, Qarasu və Qurdbayram kəndlərinin də qazlaşdırılması nəzərdə tutulub.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Ağsu Regional Qaz İstismarı İdarəsinin rəisi Eldar Səlimzadə təbii qazdan istifadə qaydaları barədə məlumat verib.
Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.
Qeyd edək ki, Kürdəmir rayonu üzrə 62 yaşayış məntəqəsindən Carlı kəndi də daxil olmaqla, 55-i qazlaşdırılıb.