SİYASƏT


Kürdəmirin müstəqillik illərində keçdiyi inkişaf yolu fotolarda

Kürdəmir, 30 dekabr, Adil Ağayev, AZƏRTAC

Böyük çətinliklər hesabına qazanılan dövlət müstəqilliyimizin bərpasından iyirmi beş il ötür. Bu, zaman baxımından qısa bir müddət olsa da, ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanı, onun hər bir bölgəsini, o cümlədən Kürdəmir rayonunu böyük inkişaf yoluna çıxarıb.

Kürdəmir iri kənd təsərrüfatı rayonudur. Ötən əsrin 90-cı illərinin əvvəllərində iqtisadiyyatı bərbad vəziyyətə düşmüş rayon bu gün yüksək inkişaf dövrünü yaşayır. Bunu statistik göstəricilərdən də aydın görmək olur. Son on ildə illik ümumi məhsul buraxılışının həcmi 99 milyon 199,4 min manatdan 339 milyon 293,7 min manata çatıb. Əsas kapitala yönəldilən investisiyalar 349 min manatdan 60 milyon 976 min manata yüksəlib. Taxıl istehsalı, üç dəfə, heyvandarlıq məhsulları iki dəfə artıb.

Dövlətimizin başçısının tapşırığı ilə aqrar sektorun, xüsusilə ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, bu sahəyə hərtərəfli dövlət dəstəyi Kürdəmirdə də kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın, pambıqçılığın dirçəldilməsinə güclü təkan verib. Baramaçılıq üçün möhkəm yem bazasının yaradılması, yeni tut bağlarının salınması və köhnə bağların bərpası istiqamətində ciddi tədbirlər görülür. Rayonda bu payızda 46 min tut tingi əkilib, 1911 hektardan 2000 tona yaxın pambıq toplanıb. Strateji məhsul olan taxılçılıq üçün yeni torpaq sahələrinin ayrılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqət mərkəzindədir.

Müstəqillik illərində Kürdəmirdə infrastruktur layihələri də uğurla icra olunub: yeni yollar çəkilib və ya əsaslı təmir olunub, təhsil ocaqları, tibb müəssisələri üçün binalar tikilib, əhalinin elektrik enerjisi, təbii qazla təminatı, su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Təkcə bir neçə faktı qeyd etmək kifayətdir ki, 36 ümumtəhsil məktəbi üçün yeni binalar tikilib və ya əsaslı təmir olunub, Mərkəzi Xəstəxana və poliklinika şöbəsi yenidən qurulub, Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Olimpiya İdman Kompleksi, Gənclər Evi, Heydər Əliyev parkı və bir sıra digər obyektlər inşa edilib.

Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi sayəsində müasir istehsal sahələri yaradılıb. Sutkalıq istehsal gücü 50 ton olan süd emalı zavodunda 13 çeşiddə heyvandarlıq məhsulları istehsal edilir. Hazırda 150 nəfərin çalışdığı zavodun 500 başlıq cins inək ferması var, 5000 başlıq iri heyvandarlıq kompleksi isə tikilməkdədir.

“Azbiyan” MMC-nin Yaponiyanın “Cokey Systems Co.LTD” şirkəti ilə birgə yaratdığı zavodda xüsusi farmokoloji əhəmiyyətli biyan duzu emal olunur. Bu zavodda ildə 114 ton məhsul istehsal edilir.

Habelə Çöl-Ərəb kəndində illik istehsal gücü 100 min ədəd yumurta olan “Kürdəmir broyler” ASC, sutkalıq istehsal gücü 500 ton olan “Aveta” MMC-nin un zavodu, 10-dək istixana, eləcə də digər sahibkarlıq obyektləri rayon iqtisadiyyatında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır.

Kürdəmirin müstəqillik illərində keçdiyi inkişaf yolunu və bugünkü mənzərəsini təqdim olunan fotoreportajda aydın görmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.