REGİONLAR


Kürdəmirli fermer: Rayonda pambıqçılığın inkişafı üçün böyük perspektiv var

A+ A

Kürdəmir, 18 iyul, AZƏRTAC

Kürdəmirin Şıxımlı kəndindən olan fermer Əmrah Calalov bu mövsümdə 30 hektarda çiyid əkib, keyfiyyətli becərmə sayəsində yaxşı çıxış alıb. hazırda pambıq sahələrində qozalama dövrüdür.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr, bu sahəyə göstərilən dövlət dəstəyi Kürdəmir rayonunda da fermerlər tərəfindən böyük razılıqla qarşılanıb. Vaxtilə ənənəvi sahə hesab edilən və sonradan az qala unudulmaqda olan pambıqçılığa hazırda böyük maraq göstərilir. Cari mövsümdə 1911 hektar sahədə çiyid əkini aparılan rayonda gələn il pambıq sahələrinin 4000 hektara çatdırılması üçün indidən tədbirlər görülür.

Təcrübəli fermer Əmrah Calalov AZƏRTAC-ın müxbiri ilə söhbətində rayonda pambıqçılığın inkişafı sahəsində böyük perspektivin olduğunu bildirib və növbəti ildə öz əkin sahəsini azı iki dəfə artıracağını deyib. Pambıq əkinləri üçün subsudiyaların verilməsini, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iyulun 10-da keçirilən iclasında bu sahənin inkişafı ilə əlaqədar yeni texnologiyaların, yeni suvarma sistemlərinin tətbiqi barədə dediklərini böyük razılıq hissi ilə qarşıladığını söyləyən fermer pambıqçılığın əhalinin məşğulluğuna da böyük kömək göstərdiyini vurğulayıb. Hazırda onun təsərrüfatında 20 işçi çalışır. Cari mövsümdə fermer hər hektardan azı 25 sentner pambıq götürəcəyi qənaətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.