REGİONLAR


Kürdəmirlilər gələn il 20 tondan çox barama istehsal etməyi qarşıya məqsəd qoyublar

Kürdəmir, 9 avqust, AZƏRTAC

Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunan respublika müşavirəsinin yekunları, müşavirədə dövlətimizin başçısının qarşıya qoyduğu konkret tapşırıqlardan irəli gələn vəzifələr Kürdəmirdə geniş müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, ümumrayon yığıncağında çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov diqqəti ölkəmizdə, o cümlədən Kürdəmirdə baramaçılığın yenidən dirçəldilməsi üçün göstərilən dövlət dəstəyinə cəlb edib, Prezident İlham Əliyevin bu sahənin inkişafına böyük önəm verdiyini bildirib.

Qeyd olunub ki, uzun illər fasilədən sonra Kürdəmirdə də baramaçılıq yenidən inkişaf edir. 2016-cı ildə 1520 qram ipəkqurdu bəsləyən 46 ailə 3577,5 kiloqram məhsul götürüb. Bu il isə 159 ailə 11512 kiloqram, yəni ötən ildəkindən 3 dəfədən çox barama əldə edib. Rayonun 17 ərazi nümayəndəliyi üzrə 32 kənddə sakinlər baramaçılıqla məşğul olur. Carlı kəndindən İnqilab Vəlixanov, Ərəbxanadan Miri Əzizov, Qaramahmudludan Əlisa Azayev, Topalhəsənlidən Fariz Süleymanov kimi onlarca təcrübəli baramaçı diqqətəlayiq nəticələr əldə ediblər.

Yığıncaqda baramaçılıqda yüksək hədəflərə çatmaq üçün konkret vəzifələrdən ətraflı bəhs olunub. Gələn il 20 tondan çox barama istehsalı hədəf kimi müəyyənləşdirilib və bunun üçün görülməli olan hazırlıq işləri müzakirə edilib. Belə ki, keçən il əkilən 46 min tut tinginə qulluq olunması, ting yetişdirmək üçün kiçik təsərrüfatın yaradılması, fərdi kümxanaların tikintisinə dəstək verməklə baramaçılığa marağın artırılması və sair məsələlərlə bağlı əlaqədar qurumlara və şəxslərə konkret tapşırıqlar verilib.

Tədbirdə çıxış edən rayon Kənd Təsərrüfatı İdarəsinin aqronomu Arif Mahmudov, Köhünlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mübariz Zeynalov, kümçülər İnqilab Vəlixanov, Əlisa Azayev və başqaları yüksək məhsul əldə olunması üçün görüləcək işlərdən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.