ELM VƏ TƏHSİL
Kursları bitirənlərə beynəlxalq sertifikatlar təqdim ediləcək
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Texniki Universiteti nəzdində fəaliyyət göstərən Layihələrin İdarə Edilməsi və İnnovasiyalar Mərkəzində mayın 1-dən Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (IPMA) dörd dərəcəli sertifikatlaşdırma proqramı üzrə məşğələlər başlanacaq. Layihə menecerləri və rəhbərləri, layihələrlə işləyən və ya layihə işinin istənilən sahəsi ilə maraqlanan hər bir menecer bu proqramda iştirak edə bilər. Proqramı başa vuran məzunlar bütün ölkələr tərəfindən tanınan IPMA beynəlxalq sertifikatına yiyələnəcəklər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu proqram təlim və imtahanlardan ibarətdir. “Layihələrin idarə edilməsinin əsasları” təlimi IPMA-nın Azərbaycan Respublikası üzrə nümayəndəliyi olan Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının (AzPMA) peşəkar təlimçiləri tərəfindən Azərbaycan, rus, ingilis dillərində aparılacaq. Kurslar başa çatdıqdan sonra onun iştirakçıları imtahan verəcək, interaktiv praktiki sessiyada əldə olunan bilikləri qiymətləndiriləcək. IPMA “C” dərəcəsi üzrə namizədlər layihə hesabatı təqdim edəcək və asessorlar qarşısında müsahibədən keçəcəklər. Məzunlar IPMA-nın sertifikatını alacaq, beynəlxalq layihə meneceri statusuna yiyələnəcəklər. Dörd dərəcəli sertifikatlaşdırma sistemi (A, B, C, D) layihə menecerinin beynəlxalq dərəcəsini təsdiqləyəcəkdir.
AzPMA Azərbaycanda International Project Management Associationun beynəlxalq sertifikatlaşdırma üzrə rəsmi orqanıdır. Sertifikatın təsdiqlənməsi və əldə edilməsi üçün bundan sonra xaricə getməyə gərək yoxdur, bütün mərhələlər Bakıda, AzPMA-nın ofisində keçiriləcək. Sertifikatlar milli və beynəlxalq reyestrdə qeydiyyatdan keçir.
IPMA sertifikatının alınmasından sonra karyera inkişafı başlayır. Layihələrin idarə edilməsi üzrə zəruri, nəzəri biliklərə malik olan menecerlər layihənin uğurlu nəticəsini təmin etmək imkanı qazanırlar.