REGİONLAR


Kursu bitirən kitabxana işçilərinə sertifikatlar verilib

Naxçıvan, 20 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə kitabxana işçiləri üçün keçirilən 10 günlük kurs başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Naxçıvan Musiqi Kollecində tədbir keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, bu, artıq Naxçıvan Müəllimlər İnstitutu ilə birgə təşkil olunan üçüncü kursdur. Qeyd olunub ki, muxtar respublikada mədəniyyətin bütün sahələri kimi, kitabxanalara da diqqət və qayğı göstərilir. Kitabxana əməkdaşları ənənəvi kitabxanaçılıq təcrübəsi ilə kifayətlənməməli, oxuculara göstərilən xidmət işini yüksək səviyyədə qurmağı bacarmalıdırlar.

Nazir çıxışında bildirib ki, bu gün muxtar respublikada kitabxanaların təmir olunması, yeni inşa edilmiş binalara köçürülməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, kitab fondunun zənginləşdirilməsi sahəsində mühüm tədbirlər görülür.

Vurğulanıb ki, kurslar kitabxana əməkdaşlarına müasir kitabxana işi ilə bağlı görülən işlər, bu sahədə yeni texnologiyaların tətbiqi haqqında məlumat vermək baxımından əhəmiyyətli olub. Bu da işin düzgün qurulmasına kömək edəcək.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli kursu bitirən kitabxanaçıları təbrik edib və təcrübəli müəllimlərə minnətdarlığını bildirib. Qeyd edib ki, bundan sonra da kitabxanaçılıqla bağlı kurslar təşkil olunacaq. Çünki bütün sahələr kimi, kitabxana işi də yeniliklərlə zənginləşir. Yeni yaradılan elektron kitabxanalar bunun bariz nümunəsidir.

Sonda kursu bitirən 27 nəfər kitabxana əməkdaşına sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.