CƏMİYYƏT
“Kütləvi informasiya vasitələrində qadın və uşaq problemləri” mövzusunda “dəyirmi masa” keçirilib VİDEO
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyinə həsr olunan “Kütləvi informasiya vasitələrində qadın və uşaq problemləri” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən komitənin sədr müavini Sədaqət Qəhrəmanova mətbuat nümayəndələrini yubiley münasibətilə təbrik edib, Azərbaycan milli mətbuatının yaranma tarixindən, keçdiyi şərəfli yoldan danışıb. Qeyd edilib ki, görkəmli ziyalı Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuat bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
Bildirilib ki, müstəqilliyimiz bərpa ediləndən sonra Azərbaycanda KİV-lərin sayında xeyli artım baş verib. Azərbaycan dövləti, xüsusilə ümummilli lider Heydər Əliyev hər zaman medianın inkişafına xüsusi diqqət göstərib. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun qəbul olunub, 2003-cü ildə Mətbuat Şurası yaradılıb.
Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan S.Qəhrəmanova dövlətimizin başçısının imzaladığı Sərəncamla 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradıldığını və Fond tərəfindən KİV-lərə davamlı olaraq yardımın göstərildiyini bildirib.
Komitə sədrinin müavini kütləvi informasiya vasitələrinin ailə məsələlərinin təbliğindəki rolundan danışaraq bu sahədə əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində AQUPDK tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir. Komitə, həmçinin KİV-lər üçün mütəmadi olaraq müxtəlif mövzularda müsabiqələr təşkil edir.
Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu və digər çıxış edənlər Azərbaycanda medianın inkişafına dövlət dəstəyi haqqında danışıblar. Onlar jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət qayğısından söz açıb, mətbuat nümayəndələrinin mənzillərlə təmin olunduğunu vurğulayıblar. Cəmiyyətdə sağlam ailə, dövlətə, Vətənə sədaqətli insan nümunələrinin mətbuatda işıqlandırılmasının önəmi qeyd edilib. Ailə dəyərlərinin təbliğində milli mətbuatımızın oynadığı rol diqqətə çatdırılıb. Çıxış edənlər KİV-ə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
“Dəyirmi masa”da ölkəmizdə uğurla icra olunan dövlət-ailə siyasəti, ailə məsələləri ilə bağlı mövcud qanunvericilik bazası, maarifləndirmə və komitənin bu istiqamətdə həyata keçirdiyi müxtəlif tədbirlər haqqında məlumat verilib, cəmiyyətin inkişafında qadın və uşaqların rolu, qadınların dövlət strukturlarında təmsil olunması, mətbuatda qadın və uşaq hüquqları, qadın və uşaq problemlərinin həllində KİV-in rolu, gələcəkdə uşaq televiziya kanalının yaranması və digər məsələlər müzakirə olunub.
Sonda dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində aktiv fəaliyyətinə görə və milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə bir sıra jurnalistlər komitə tərəfindən təltif ediliblər. Mükafatlandırılanlar arasında AZƏRTAC-ın əməkdaşı da olub.