İQTİSADİYYAT
Kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında müsabiqə elan edilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə birgə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə “Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi keçirir.
Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə təqdim olunmuş yazılarda materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsinə, analitik keyfiyyətlər, faktların və məsələlərin düzgün təhlilinə, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə və qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisəyə üstünlük veriləcək.
Müsabiqəyə sentyabrın 21-dən noyabrın 21-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
Yazılarda “Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər. Yazılar sentyabrın 21-dən noyabrın 22-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
Müsabiqədə yer tutacaq şəxslərin adları dekabrın 5-dək açıqlanacaq.
Müsabiqənin yekununda qaliblərə pul mükafatları təqdim olunacaq.
Əlaqə telefonları: (012) 441 35 30, (050) 534 93 26, (055) 201 99 26, (055) 211 31 50.