CƏMİYYƏT


Kütləvi informasiya vasitəsinin rəhbərinə xəbərdarlıq edilib

Bakı, 2 dekabr, AZƏRTAC

Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Politika.az” xəbər portalında müxtəlif başlıqlı məqalələrdə təbii qaz və elektrik enerjisinin satış qiymətlərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarına ölkə ictimaiyyətinin guya etiraz etməsi ilə bağlı məlumatlar yerləşdirilməklə cəmiyyətdə çaşqınlıq yaradılmasına xidmət edən həqiqətə uyğun olmayan informasiyalar dərc edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tarif Şurasının qeyd edilən qərarından sui-istifadə edən “Politika.az” xəbər portalı yaydığı informasiyalarda “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərini kobud surətdə pozaraq ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salmağa cəhd edib. Həmin informasiyalarda Tarif Şurasının qərarının əhalinin iqtisadi vəziyyətinin pisləşməsinə xidmət etməsi, yaxın günlərdən etibarən ərzaq və digər məhsulların, eləcə də xidmətlərin qiymətinin qalxmasının qaçılmaz olması xüsusi qeyd edilməklə, vətəndaşların kütləvi şəkildə aksiyalarda iştirakı üçün açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilib.

Göstərilənlərlə əlaqədar xəbər portalının rəhbəri Baş Prokurorluğa dəvət edilib, reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına son qoyulması tələb edilməklə “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.