REGİONLAR
Kütləvi pulsuz tibbi müayinə aksiyası xocavəndli məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanır
Beyləqan, 18 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində də əhalinin tibbi müayinəsi uğurla davam edir.
Xocavənd Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, müayinələrin uğurla həyata keçirilməsi üçün işçi qrupu və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər olmaqla, 2 briqada yaradılıb. Beyləqan rayonu ərazisindəki Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Yeni Qaradağlı və 320 ailəlik qəsəbələrdə məskunlaşan xocavəndli məcburi köçkünlərin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında aparılır. Sakinlər burada terapevt, cərrah, lor, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, müxtəlif müayinələrdən keçirilir.
Fevralın 15-dən indiyədək rayon üzrə 5958 nəfər müayinə olunub. 182 nəfər ambulator, 44 nəfər stasionar müalicəyə cəlb edilib, 3 nəfər müalicə almaq üçün Bakı şəhərinin ixtisaslaşdırılmış xəstəxanalarına göndərilib. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr lazımi dərman preparatları ilə təmin olunur.
Əhalinin tibbi müayinəsi aksiyası xocavəndli məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanır. Məcburi köçkünlər insanların sağlamlığının etibarlı şəkildə qorunmasına xidmət edən bu aksiyanı yüksək qiymətləndirir, əhalinin qayğısına qaldığı üçün dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.