CƏMİYYƏT


Küveyt qəzeti Azərbaycandakı Ramazan adət-ənənələrindən yazır

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Küveytdə geniş oxucu auditoriyasına malik “Əl-Cəridə” qəzetinin 4 iyul tarixli nömrəsində “Azərbaycanda Ramazan bayramı... Acları doydurmaq və yaxınları ziyarət etmək” adlı məqalə dərc edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, respublikamızın turizm sektorunun Küveytdə tanıdılması məqsədilə mayın 26-30-da ölkəmizdə səfərdə olan “Əl-Cəridə” qəzetinin müxbiri Adil Saminin müəllifi olduğu məqalədə Azərbaycanda da digər İslam ölkələri kimi, mübarək Ramazan bayramının geniş şəkildə qeyd edildiyi vurğulanır.

Məqalədə bildirilir ki, Azərbaycanda Ramazan bayramı bir çox İslam ölkələrində qeyd olunan bayramdan fərqlənir. Belə ki, müsəlmanlar bayram namazını qılmaq üçün məscidlərə yollanır, bayram xütbəsi oxunur, namazdan sonra isə insanlar bir-birilərini təbrik edirlər. Eyni zamanda, Prezident İlham Əliyev bayram münasibətilə xalqı təbrik edir. Daha sonra insanlar bir-birilərinin evlərinə gedir, vəfat etmiş qohumlarının məzarlarını ziyarət edir, onların ruhuna dualar oxunur.

Məzarları ziyarət etmədən öncə xanımlar Azərbaycan mətbəxinə xas olan xüsusi şirniyyatlar, halva və çörək bişirir, məzarların ziyarəti zamanı orada olan digər insanlara verirlər. Eyni zamanda, insanlar bayram günlərində qohumları ilə yanaşı, qonşularını və kasıbları da ziyarət edirlər.

Məqalədə, həmçinin respublikamızın tarixindən, qədim adət-ənənələrindən bəhs edilir. Azərbaycanın müxtəlif dinlərə mənsub xalqların yaşadığı tolerant bir ölkə olduğu oxucuların diqqətinə çatdırılır. Azərbaycanın İslam ölkələri ilə əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanır, onun bir çox görkəmli şəxsiyyətlərin və qəhrəmanların vətəni olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.