SİYASƏT
Küveyt səfiri: AZƏRTAC-ın ərəb dilində xəbərlər yayması təqdirəlayiqdir VİDEO
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Küveyt üçün mühüm ölkədir. Bizi tarixi dostluq əlaqələri birləşdirir. AZƏRTAC ilə Küveyt Xəbərlər Agentliyi (KUNA) arasında əməkdaşlığın inkişafı xalqlarımızın münasibətlərinin daha da möhkəmlənməsinə əlverişli imkanlar yaradır.
Bu fikirləri Küveyt Dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi martın 2-də AZƏRTAC-da keçirilən görüşdə səsləndirib.
AZƏRTAC-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, beynəlxalq əlaqələri, dövlət siyasətinin informasiya təminatında rolu barədə məlumat verən baş direktor Aslan Aslanov milli xəbər agentliklərimizin nüfuzlu beynəlxalq informasiya təşkilatlarında səmərəli əməkdaşlığından danışıb. O, 2009-cu ildə AZƏRTAC ilə KUNA arasında əməkdaşlıq haqqında saziş imzalandığını xatırladıb, Küveyt Xəbərlər Agentliyinin Direktorlar Şurasının sədri və baş direktoru Şeyx Mübarək Duaic İbrahim əl-Sabahla beynəlxalq media konfransları çərçivəsində və Bakıdakı görüşlərində əlaqələrin daha da genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi AZƏRTAC-ın digər dillərdə olduğu kimi, ərəb dilində də operativ xəbərlər yaymasını yüksək qiymətləndirib və agentliyin informasiyalarını diqqətlə izlədiyini bildirib.
Səfir ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafında informasiya mübadiləsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.