SİYASƏT
Küveytdə Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub
Bakı, 26 may, AZƏRTAC
Azərbaycanın milli bayramı – Respublika Günü ilə bağlı daha bir rəsmi qəbul ölkəmizin Küveytdəki səfirliyi tərəfindən təşkil edilib.
Qəbulda hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Elxan Qəhrəman çıxış edərək Respublika Gününün tarixi, ölkəmizdə siyasi, iqtisadi, mədəni, turizm sahələrində gedən sürətli inkişaf, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb.
Tədbirdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, memarlıq abidələri, turizm guşələrini özündə əks etdirən fotosərgi təşkil olunub, sənədli film nümayiş etdirilib.
Rəsmi qəbulda Küveytin yüksək səviyyəli rəsmi şəxsləri, parlamentinin deputatları, nüfuzlu ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Səfir E.Qəhrəman Küveytin kütləvi informasiya vasitələrinə Respublika Günü ilə bağlı müsahibə verib.