MƏDƏNİYYƏT
Küveytdə Azərbaycanın turizm potensialının təqdimatı keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycanın turizm potensialının Küveytdə təbliğatı məqsədilə təqdimat və iki ölkənin turizm sənayesi nümayəndələri arasında B2B görüşləri keçirilib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Küveytdə səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sözügedən görüşlərdə iştirak etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi 18 nəfərlik nümayəndə heyəti Küveytə səfər edib.
Tədbirdə bu ölkədəki səfirliyimizin, Mədəniyyət və Turizm Nazirliyinin Körfəz ölkələrində fəaliyyət göstərən təmsilçi ofisi “Atlantis Holidays” şirkətinin, Küveyt İnformasiya Nazirliyinin, eləcə də burada fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində Azərbaycanın zəngin turizm potensialının Küveytdə təbliğatı məqsədilə ölkə təqdimatı, eləcə də yerli mehmanxana və turizm şirkətlərinin təqdimatları keçirilib. Daha sonra iki ölkənin turizm sənayesi nümayəndələri arasında B2B görüşləri olub, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Tədbirin sonunda Aydın İsmiyev Küveytin birinci kanalına müsahibə verib. Müsahibə zamanı o, Azərbaycan ilə Küveyt arasında turizm sahəsində əməkdaşlığın vacibliyi və gələcəkdə görüləcək işlər barəsində danışıb.