QAN YADDAŞI
Küveytin “Əl-Nahar” qəzetində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib
Bakı, 30 mart, AZƏRTAC
Küveytin “Əl-Nahar” qəzetində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfir Elxan Qəhrəmanın məqaləsi dərc edilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə Küveyt və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğu bildirilir. Bütün istiqamətlərdə əlaqələrin inkişaf etdirildiyi, Küveytin Azərbaycan üçün dost və önəmli tərəfdaş olduğu, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədiyi vurğulanır.
31 mart soyqırımından bəhs edən səfir bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən hər il bu tarix Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Bildirilir ki, müstəqilliyini bərpa etdikdən sonra xalqımız tarixi keçmişini araşdırmaq imkanı əldə edib, uzun illər gizli saxlanılan həqiqətlər və saxtalaşdırılan faktlar üzə çıxarılıb.
Yazıda 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələrindən, müxtəlif dövrlərdə Azərbaycan sərhədlərinin dəyişdirilməsindən danışılır. Eyni zamanda, Azərbaycan torpaqlarının zəbt edildiyi, ermənilərin kütləvi surətdə həmin ərazilərə köçürüldüyü qeyd olunur.
Diqqətə çatdırılır ki, 1905-1907-ci illərdə erməni qəsbkarlarının azərbaycanlılara qarşı həyata keçirdikləri, Bakıdan başlanan və bütün ölkəni, habelə indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edən genişmiqyaslı qanlı aksiyalar nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
Məqalədə 1917-1918-ci illərdə ermənilərin öz iddialarını həyata keçirmək məqsədilə minlərlə azərbaycanlını qətlə yetirdikləri, tarixi abidələri, məscidləri, məktəbləri və xəstəxanaları yandırdıqları qeyd olunur.
31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətindən danışan müəllif bu qərarın soyqırımı qurbanlarının xatirəsinin anılması üçün önəmli bir addım olduğunu bildirib.