CƏMİYYƏT
Küveytin “Əl-Nahar” qəzetində Ulu Öndərin zəngin fəaliyyətindən bəhs edilib
Bakı, 11 may, AZƏRTAC
Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu kütləsinə malik “Əl-Nahar” qəzetinin 11 may tarixli buraxılışında səfir Elxan Qəhrəmanın “Azərbaycanın ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi olaraq qalacaqdır” sərlövhəli müsahibəsi nəşr edilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, müsahibədə bu il Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd edildiyi bildirilib. Yazıda Ulu Öndərin keçdiyi zəngin həyat yolundan, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, SSRİ dağıldıqdan sonra Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxardaraq regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələr sırasına daxil olmasından bəhs edilib. Həmçinin Ulu Öndərin Azərbaycanda demokratik islahatları həyata keçirərək xalqın maddi rifah səviyyəsinin artırılması sahəsində gördüyü misilsiz işlərdən qeyd olunub. Müsahibədə Heydər Əliyevin ölkəmizin sosial - iqtisadi inkişafı istiqamətində gördüyü işlərdən danışılıb, Sovet İttifaqının siyasi bürosunda yeganə müsəlman lider olan Ulu Öndərin ərəb və İslam dünyasının dostu kimi, ərəb dünyası problemlərinin ədalətli həllinin tərəfdarı olması barədə oxuculara ətraflı məlumat verilib.
Müsahibədə, Heydər Əliyevin 1990-cı ilin yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyi qeyd olunub.
Qeyd edilib ki, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda silahlı mübarizə gedirdi, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətlilik müstəqil dövlətçiliyə ağır zərbə vururdu, ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə, hakimiyyətin tam iflasına rəvac verirdi. 1993-cü ilin yayında Azərbaycanda böhran, vətəndaş müharibəsi hökm sürürdü və müstəqilliyin itirilməsi təhlükəsi var idi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı və böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı məhv olma təhlükəsindən qurtardı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə olundu, qısa bir zamanda ölkədə iqtisadi, siyasi sahələrdə inkişaf başladı, eləcə də sosial problemlərin həlli istiqamətində müəyyən işlər görüldü.
Yazıda Ümummilli Liderin SSRİ rəhbərliyində yüksək vəzifələrdə çalışdığı dövrdə, eləcə də müstəqil Azərbaycana rəhbərlik etdiyi uzun müddətdə hər zaman Vətəninin və xalqının ən ağır günlərində onun yanında olduğu vurğulanıb.