SİYASƏT
Küveytin elektron xəbərlər portalının direktoru erməni hərbçilərin azərbaycanlı mülki şəxsləri qətlə yetirməsini pisləyib
Bakı, 10 iyul, AZƏRTAC
Küveytin elektron xəbərlər portalının direktoru və “Əl-Biləd” xəbərlər agentliyinin baş direktoru Ziyad Sania iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənən şəkildə və qəsdən atəşə tutması nəticəsində Allahverdiyeva Sahibənin və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması, digər mülki şəxs Quliyeva Sərvinazın yaralanmasını qətiyyətli şəkildə pisləyən bəyanat verib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Əl-Sania “Əl-Biləd” xəbərlər agentliyinə müsahibəsində bildirib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə, mülki obyektlərinə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn, insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarını, həmçinin uşaqların hüquqlarının, insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozub.
O, Ermənistan tərəfindən dost Azərbaycanın təhlükəsizliyinin və sabitliyin pozulmasına yönələn təcavüz aktlarını şiddətlə qınadığını vurğulayıb, ölkəmizlə həmrəyliyini bildirib.