DÜNYA
Kyodo News: Yaponiya İmperatoru 2018-ci ildə taxt-tacdan imtina edə bilər
Tokio, 18 oktyabr, AZƏRTAC
Yaponiya hökuməti güman edir ki, İmperator Akihito 2018-ci ildə könüllü şəkildə taxtdan imtina edə bilər. Kyodo News agentliyinin bununla bağlı oktyabrın 18-də yaydığı məlumatda qeyd edilir ki, həmin vaxta müvafiq qanunvericilik bazası və hüquqi prosedurların hazırlanması başa çatdırıla bilər.
Oktyabrın 17-də hökumət yanında bu məqsədlə yaradılan xüsusi şuranın ilk iclası keçirilib. Şura, həmçinin taxtdan imtina etdikdən sonra İmperatorun necə adlandırılacağını, statusunu və maddi təminatını da müəyyən etməlidir. Yaponiya hökumətinin rəyinə görə, bu məqsədlə yalnız Akihitoya münasibətdə xüsusi qanun hazırlanmalıdır.
Hazırda mövcud olan qanunvericilik yalnız hakimiyyətdə olan monarxın ölümündən sonra taxt-tacın ötürülməsini nəzərdə tutur. Həmin prosedurlar monarx sağ olduğu dövrdə reqlament qaydalarına tətbiq edilmir.
Xəbər verdiyimiz kimi, cari ilin avqust ayında 82 yaşlı Akihito sağlığında taxt-tacdan ayrılmaq barədə xalqa müraciət edib. Həmin müraciət cəmiyyət tərəfindən böyük ajiotajla qarşılanıb. Keçirilən sorğular nəticəsində məlum olub ki, Yaponiya əhalisi ölkədə böyük hörmət sahibi olan İmperatorun istəyinə müsbət yanaşır. Bununla yanaşı, hökumət İmperatorun sağlığında taxtdan imtinasının presedent yaradacağından və qaydaya çevriləcəyindən narahatdır.
Xatırladaq ki, İmperatorun sağlığında taxtdan imtina etməsi əvvəllər də olub. Sonuncu dəfə belə bir hadisə 1817-ci ildə qeydə alınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio