DÜNYA
Kyotoda gecə çiçək açan güllərin sərgisi keçirilir VİDEO
Kyoto, 6 avqust (AZƏRTAC). Yaponiyanın keçmiş paytaxtı Kyoto şəhərində yalnız gecələr çiçək açan güllərin sərgisi keçirilir.
Kyoto Botanika Bağının əməkdaşları həmin gülləri tam qapalı otaqda yerləşdirərək gecə mühiti yaratmış və bununla da onları “aldadaraq” gündüzlər çiçək açmağa “məcbur etmişlər”.
Sərgidə nümayiş etdirilən 20-dən artıq gülün əksəriyyti yerli sortlar olsa da, onların arasında xaricdən gətirilmiş çiçəklər də vardır. İlk dəfə təşkil edilmiş bu sərgi həm mətbuat, həm yerli sakinlər, həm də Kyotonun qonaqları tərəfindən xüsusi maraqla qarşılanmışdır. Avqustun 2-də botanika bağının rəhbərliyi KİV-lərin nümayəndələrini sərgiyə dəvət edərək həmin çiçəkləri birinci olaraq məhz onlara nümayiş etdirmişlər. Mətbuatın bu barədə yaydığı məlumatdan sonra botanika bağını ziyarət edənlərin sayı xeyli artmışdır.
Botanika bağının direktoru Naqasava Cuniçi AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə müsahibəsində bildirmişdir ki, ilk dəfə təşkil edilmiş sərginin uğuru onlar üçün də gözlənilməz olmuşdur. Direktor demişdir: “Doğrusu, bizim üçün də gecə güllərinin sərgisinin gündüz vaxtı təşkili ideyası çox maraqlı idi. Biz gecə güllərini bir otağa toplayaraq onları, necə deyərlər “aldatmağı” bacardıq. Gördüyünüz kimi, onlar artıq gecələr deyil, gündüz çiçək açırlar. Siz özünüz də bunun şahidi oldunuz ki, çiçək həvəskarları bu qeyri-adi hadisəni canlı görmək üçün məmnuniyyətlə bizim bağı ziyarət edirlər”.
Direktor bildirmişdir ki, gecə çiçəkləri ilə bərabər bağda Alp dağları çiçəklərinin də xüsusi sərgisi təşkil edilmişdir. Bu çiçəklər də öz nadir gözəllikləri ilə bağı ziyarət edənlərin diqqətini cəlb edirlər. Onlar böyük maraqla Alp çiçəklərinə də tamaşa edir, onların şəkillərini çəkirlər.
Artıq uzun müddətdir ki, fəaliyyət göstərən Kyoto botanika bağı 1,5 hektar sahədə yerləşir və buradakı nadir bitkilər öz gözəlliyi ilə tamaşaçıları heyran edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kyoto