REGİONLAR
LƏNKƏRANDA “ÇAY BAYRAMI” KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Lənkəran rayonundakı xalq sənətkarlığı şəhərciyində “Çay bayramı” keçirilmişdir.
Rayonda ilk dəfə keçirilən tədbirdə 5 minə yaxın sakin iştirak etmişdir.
Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qafqaz Çay Assosiasiyasının prezidenti Fərman Quliyev çıxış edərək lənkəranlıları qarşıdan gələn bayramlar-31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyiliyi günü və Yeni il münasibətilə təbrik etmiş, rayonda keçirilən «Çay bayramı»nın əhəmiyyətini yüksək qiymətləndirmiş, ölkəmizdə aqrar bölmənin, o cümlədən çayçılığın inkişafına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
«Çay bayramı»nda rayonda istehsal edilən çay məhsullarının və «Ən yaxşı çay dəmləyənlər»in müsabiqəsi keçirilmişdir.
Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
Mərasimdə 800 nəfər üçün bişirilmiş və çəkisi 107 kiloqram olan Ərzuman küftəsi iştirakçılara paylanmışdır.
Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər.