REGİONLAR
LDU-da “Multikulturalizm və Azərbaycan ədəbiyyatı” mövzusunda müzakirələr aparılıb
Lənkəran, 30 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) “Multikulturalizm və Azərbaycan ədəbiyyatı” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən LDU-nun elmi işlər üzrə prorektoru vəzifəsini icra edən filologiya elmləri doktoru, professor Yədulla Ağazadə Azərbaycanın multikultural ölkə kimi səciyyəvi cəhətlərini qeyd edərək, klassik və müasir ədəbiyyatımızda əksini tapmış multikultural dəyərlərdən danışıb.
Elmi-praktik konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun “Azərbaycan multikulturalizminin ədəbi-elmi qaynaqları”, LDU-nun humanitar fakültəsinin dekan əvəzi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudovun “Multikulturalizmin Azərbaycan modeli”, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor İslam Qəriblinin “Məhəmməd Hadi yaradıcılığında multikultural dəyərlər”, LDU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyevin “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında multikultural ovqat”, tarix-coğrafiya fakültəsinin ikinci kurs tələbəsi Gözəl Bağırzadənin “Tolerantlıq xalqımızın təbiətindədir” mövzularında məruzələri dinlənilib.
Tədbirdə, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəfis şəkildə nəşr etdirdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının və “Multikulturalizm” jurnalının birinci və ikinci nömrələrinin təqdimatı olub.