MƏDƏNİYYƏT
“La Reppublica” qəzeti: Qədimlik və çılğın dəbdəbə. Azərbaycan vəhdəti
Roma, 5 mart, AZƏRTAC
İtaliyanın “La Reppublica” qəzetində “Qədimlik və çılğın dəbdəbə. Azərbaycan vəhdəti” sərlövhəli məqalə dərc edilib.
Məqalədə bildirilir ki, Azərbaycanın paytaxtı Bakı öz möhtəşəmliyi ilə göz oxşayır: “Hava limanından şəhərə daxil olan zaman Azərbaycanın son illərdəki sürətli inkişafı möhtəşəm bir mənzərə ilə qonaqların önünə sərilir. Bakı Cənubi Qafqazın ən böyük və müasir şəhəridir. Burada parlaq, geniş və təmiz küçələr hər kəsin diqqətini cəlb edir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərlə yanaşı, müasir Bakının rəmzi sayılan “Alov qüllələri” həqiqətən də bu şəhərdə müasirlik və qədimliyin vəhdət təşkil etdiyini göstərir”.
Abşeron yarımadasının mənzərəsini təsvir edən müəllif Bakıətrafı ərazilərdə yerləşən neft buruqlarından, Qobustan abidələrindən və palçıq vulkanlarından da bəhs edir.
Yazıda Quba, Xınalıq, Şəki və digər bölgələrimizdən də bəhs edilir: “Quba öz xalçaları və alması ilə məşhurdur. Bu rayonun mərkəzindən 63 kilometr məsafədə yerləşən Xınalıq kəndi isə dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir və əslində Avropanın ən hündür yaşayış məntəqəsi hesab oluna bilər”.
Müəllif yazır ki, Azərbaycanda diqqəti çəkən maraqlı yerlərdən biri də İvanovka kəndidir: “XIX əsrin ortalarında qurulan bu kənddə taxta evlər üstünlük təşkil edir”.
Məqalədə Şəki haqqında məlumat verən müəllif bu bölgənin zəngin mətbəxindən, gözəl təbiət mənzərələrindən söhbət açır. Diqqətə çatdırır ki, burada turistlərin marağına səbəb ola biləcək yerlərdən biri Xan Sarayıdır. 1762-ci ildə tikilən bu sarayın inşasında mismar və yapışqandan istifadə edilməyib, ağac və şüşə parçaları bir-birinə bərkidilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma