CƏMİYYƏT


Laboratoriyada aparılan biokimyəvi müayinələrin nəticələri  digər ölkələrdə də qəbul olunur

Bakı, 4 avqust, AZƏRTAC 

Hər hansı xəstəliyə düzgün diaqnoz qoyulması klinik və diaqnostik müayinələrdən çox asılıdır. Ona görə də daxili orqanların funksional sınaqlarının biokimyəvi dəqiqliyi əsas rol oynayır və müalicənin gedişində daim izlənilir. Biokimyəvi göstəricilər müxtəlif xəstəliklər zamanı baş verən metabolizm pozulmalarının xarakterini aşkara çıxarmaqda və xəstəliklərin diaqnostikasında böyük rol oynayır.

Bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən B. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun dissertantı və kliniki diaqnostika laboratoriyası biokimya bölməsinin rəhbəri Şəhla Qafarova deyib: “Bizim səhiyyə müəssisəsində əsasən qanın sistem xəstəlikləri - leykoz, kəskin leykoz, xroniki limfoleykozlar, hemolitik anemiya, B12 vitaminin çatışmazılığı, dəmir defisitli anemiya və s. müayinə olunur. Həmin xəstələrə kimyəvi müalicələr təyin ediləndə xəstənin biokimyəvi göstəriciləri həlledici əhəmiyyət daşıyır. Müalicə alan xəstələrdə qaraciyər (bilirubinun fraksiyaları, ALT, AST, LDH, QF), böyrək sınaqları kreatinin, sidik cövhəri, sidik turşusu, qalıq azotu) və digər funksiyalar yoxlanılır, ona uyğun müalicə üsulu təyin edilir. Son vaxtlar laboratoriyamıza anemiya diaqnozu ilə müraciət edən xəstələr çoxluq təşkil edir. Belə xəstələrə diaqnoz qoymaq üçün əsasən dəmir, dəmir bağlama qabiliyyəti, gizli dəmir bağlama qabiliyyəti və transferinin doyma əmsalı müayinələri aparılır. Ümumən bizim laboratoriyada 100-dən çox müayinə üsulu aparılır və onlar daha həssas, sürətli və səmərəlidir. Hər hansı xəstəlik zamanı şübhə doğuran nəticə olduqda dəqiqləşdirmək üçün bəzən onu təkrar-təkrar müayinədən keçiririk.

Keçən il laboratoriyamızda 30,5 min, bu ilin birinci yarımilində isə 15 mindən artıq müayinə olunub. Bununla yanaşı həftədə bir dəfə poliklinika qeydiyyatında olan xəstələrin, həftədə bir, bəzən iki dəfə stasionar müalicə alan xəstələrdə qaraciyər funksiyalarının müayinəsi aparılır. Eyni zamanda, laboratoriyada şəkərli diabetin təyini, kreatin, diastaza, böyrək sınaqları, biluribinin fraksiyaları, xolesterinin bütün lipid spektrləri və mikroelementlərin dəqiq müayinəsi də çox uğurla yerinə yetirilir.”

Bölmə rəhbəri son vaxtlar onlara ən çox müraciət edilən xəstəliklər haqqında da danışıb: “Digər poliklinikalarda müayinə olunan xəstələr anemiya aşkar ediləndə onun səbəbinin müəyyən edilməsi üçün bizim laboratoriyaya göndərilir. Laboratoriyada anemiyanın bütün parametrləri üzrə aparılan müayinələrdən sonra xəstəliyin səbəbi təyin ediləndən sonra müalicələr başlanılır.

Kliniki diaqnostika laboratoriyasında aparılan müayinələrin səviyyəsi burada çalışan həkim və laborantların peşəkarlığı ilə yanaşı istifadə olunan cihaz və reagentlərin müasirliyi ilə də əlaqədardır. Son illər institumuzda Hemopoezin humoral faktorlar, Eritronun patologiyası, Leykemoqenez, İmmunohematologiya və Eritronun irsi patologiyası laboratoriyaları yaradılıb. Həmin laboratoriyalarda molekulyar–genetik, sitogenetik, sitokimyəvi, histolojı və histokimya müayinələri aparılır. Aparılan biokimyəvi müayinələr zamanı Almaniyanın «Human» şirkətində və Çexiyada istehsal olunan reagentlərdən istifadə olunur. Elə bunun nəticəsidir ki, son vaxtlar Türkiyə, İran və digər ölkələrə üz tutan xəstələrin böyük əksəriyyəti müayinə üçün bizim laboratoriyaya müraciət edirlər.”

Ş.Qafarova işlədiyi müddətdə topladığı təcrübə sahəsində “Talassemiyanın müxtəlif formaları zamanı sümük sistemi metabolizminin biokimyəvi markerləri“ mövzusunda namizədlik dissertasiyası müdafiə etməyə hazırlaşır. Gələcək alim laboratoriyanın beynəlxalq əlaqələrinə də toxunub: “Xaricdə nəşr olunan tibbi jurnallarda əməkdaşlarımızın 15-dən artıq məqaləsi dərc olunub. Onlar Almaniyada və Türkiyədə olan konfranslarda iştirak ediblər. Digər ölkələrdən gələn mütəxəssislər də laboratoriyamızın işinin müasir səviyyədə təşkilindən razı qalıblar.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.