REGİONLAR


Laçın rayonu üzrə ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

A+ A

Ağcabədi, 8 sentyabr, AZƏRTAC

Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində təhsil işçilərinin 2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunan konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı büstünü ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Laçın rayon təhsil şöbəsinin müdiri Nicat Həsənovun məruzəsində ötən dərs ilində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, 2015-2016-cı tədris ilində 82 tam orta, 30 ümumi orta, 4 ibtidai məktəbdə 10 min 895 şagird ümumi təhsilə cəlb edilib. Dərs ili ərzində rayon təhsil şöbəsi təlimin keyfiyyətinin yüsəldilməsini, metodiki işin müasir tələblər səviyyəsində qurulmasını, qabaqcıl təcrübənin öyrənilməsini, istedadlı şagirdlərin aşkara çıxarılmasını, onların müsabiqə və yarışlarda, olimpiadalarda iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb.

Diqqətə çatdırılıb ki, 2015-2016-cı dərs ilində ümumtəhsil məktəblərini bitirən 845 məzundan 633 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak edib, onlardan 325 nəfəri tələbə adını qazanıb. Bu, Laçın rayonu üzrə son 24 ildə ən yüksək göstəricidir. Məzunlardan 57 nəfəri 500-dən yüksək, o cümlədən 15 nəfəri 600-dən yuxarı bal toplayıb.

Yeni dərs ilinə hazırlıqla əlaqədar təhsil ocaqlarında cari təmir işləri aparılıb, 69 adda 43 min 994 ədəd dərslik, 4486 ədəd müəllim vəsaiti alınaraq məktəblərə paylanılıb. Müəllimə ehtiyacı olan məktəblərdə işləmək üçün 36 gənc müəllim test və müsabiqədən keçərək işə qəbul üçün rayona göndərilib.

Tədbirdə çıxış edənlər rayon təhsilinin inkişafı istiqamətində görülən işləri, əldə olunan uğurlu nəticələri və nöqsanları geniş təhlil ediblər.

Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Təhsil Problemləri İnstitutunun şöbə müdiri Elxan Bəylərov çıxış edərək, ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən, təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıb, onlara yeni dərs ilində uğurlar arzulayıblar.

Tədbirdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərmiş gənclərə fəxri fərman və pul mükafatı təqdim edilib.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.