REGİONLAR


Laçın rayonu üzrə sosial-iqtisadi göstəricilər təhlil edilib

A+ A

Ağcabədi, 18 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2016-cı ilin doqquz ayında laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 59 səyyar qəbul keçirilib. 5287 nəfərin iştirak etdiyi bu qəbullarda 509 nəfər, rayon icra hakimiyyəti başçısı aparatında isə 3004 nəfər rayon sakininin müraciəti dinlənilib. Səyyar qəbullarda qaldırılan məsələlərin 72 faizi müsbət həll olunub, digər müraciətlərin icrası nəzarətə götürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan yığıncaqda məlumat verilib.

Yığıncaqda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin görülən işlər və qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib. Bildirilib ki, cari ildə Taxtakörpü və Qayğı qəsəbələrində abadlıq işləri davam etdirilib. Ərazidə yaşıllıqlar salınıb, ağac və gül kolları əkilib.

Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 10 və 04 kV-luq elektrik hava xətlərinin 50 kilometr hissəsində cari təmir işləri aparılıb. Şeylanlı, Qoşasu, Alxaslı, Əhmədli, Vağazin, Fingə, Qarakeçdi və Mişni obalarında yararsız halda olan 146 elektrik dirəyi və 22 min metr uzunluğunda elektrik naqili yenisi ilə əvəz edilib. Vağazin, Şeylanlı, Mişni, Hacılar, Fərraş, Qoşasu, Sadınlar, Ağbulaq obalarında yeni transformator quraşdırılıb, digər obalarda müxtəlif gücə malik 9 transformator əsaslı təmir olunub. Mişni, Alxaslı, Şeylanlı, Qarakeçdi, Hacılar, Sadınlar, Fingə, Kamallı obalarında, 552 və 21 ailəlik qəsəbələrdə içməli su şəbəkələrində yararsız hala düşmüş su xətlərinin 865 metr hissəsi yenisi ilə, Kür-Mayıs su xəttinin 2000 metr hissəsi polietilen boru ilə əvəzlənib. Qarıqışlaq kənd tam orta məktəbinin həyətinə plastik boru ilə içməli su xətti çəkilib. Obalararası yollarda təmir işlər aparılıb.

Taxtakörpü qəsəbəsində qrunt sularının kənarlaşdırılması məqsədilə 400 metr uzunluqda kanal qazılıb. Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə 552 ailəlik qəsəbədə qrunt sularının kənara axıdılması üçün 1817 metr uzunluğunda drenaj şəbəkəsi tikilib.

Yığıncaqda diqqətə çatdırılıb ki, Laçın rayon əhalisi əsasən heyvandarlıq və bitkiçiliklə məşğul olur. Hesabat dövründə təsərrüfatlarda 35 min 125 baş iribuynuzlu, 201 min 832 baş xırdabuynuzlu heyvan olub ki, bu da ötən illə müqayisədə çoxdur. Bu dövrdə 18 min 41 sentner ət, 156 min 186 sentner süd, 4350 sentner yun istehsal olunub. Taxtakörpü ərazisində məskunlaşan məcburi köçkünlər 1518 hektar sahədən 4183 ton taxıl əldə ediblər.

Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrə əsasən, Taxtakörpü ərazisində məskunlaşmış ailələr üçün qəsəbələrin mərhələli tikilməsi, Taxtakörpü qəsəbəsində həyətyanı sahələrə təsərrüfat suyunun verilməsi, Qayğı qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin məişət qazı ilə təmin olunması, Ağbulaq, Ərdəşəvi, Alxaslı, Qarıqışlaq, Hacılar obalarda daxili avtomobil yollarının təmiri, “Şeylanlı-1” və “Vağazin-3” obasının içməli su ilə təmin olunması, 37 ailəlik qəsəbədə elektrik təchizatının yaxşılaşdırılması qarşıda duran vəzifələrdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.