REGİONLAR
Laçınlı əmək qəhrəmanının 80 illik yubileyi qeyd olunub
Bərdə, 1 iyul, AZƏRTAC
Bərdə şəhərində Laçın rayonundan məcburi köçkün, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Şərqiyyə Vəliyevanın 80 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirak etdiyi yubiley mərasimində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Milli Məclisinin deputatı Mahir Abbaszadə və digərləri çıxış edərək, görkəmli əmək qəhrəmanını təbrik edib, onun şərəfli və ləyaqətli ömür yolundan, xidmətlərindən söhbət açıblar. Maldarlıq təsərrüfatında uzun müddət sağıcı işləyən, il ərzində öhdəsində olan hər inəkdən bir bala alan və əl ilə 7400 litr süd sağdığına görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı olan, 2002-ci ildən Prezident təqaüdü alan bu qabaqcıl əmək adamının əvəzsiz xidmətləri həmyerliləri tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə yubilyara Laçın Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub.
Şərqiyyə Vəliyeva tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Tədbirdən sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Milli Məclisin deputatı Mahir Abbaszadə Bərdə rayonunda müvəqqəti məskunlaşmış Laçın rayonundan olan sakinlərlə görüşüblər. Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.