REGİONLAR
Laçınlı məcburi köçkünlər 512,3 hektarda yazlıq əkin aparıblar
Ağcabədi, 3 iyun, AZƏRTAC
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər 512,3 hektar sahədə yazlıq əkin aparıblar.
Laçın rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, əkinlərin 101 hektarı pambıq, 77 hektarı yazlıq arpa, 321 hektarı yonca, 1,2 hektarı kartof, 1,4 hektarı tərəvəz, 0,7 hektarı qarğıdalı, 10 hektarı bostan bitkiləridir.
Bu il ilk dəfə olaraq pambıq bitkisi becərən məcburi köçkünlər hazırda kultivasiya işləri həyata keçirirlər. Pambıq sahələrinin vaxtında becərilməsi, suvarılması və texnika ilə təmin olunması üçün qərargah yaradılıb, kanallar lildən təmizlənib, suötürücü qurğular və su nasosları təmir olunub.
“MKT İstehsalat Kommersiya” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Pambığın becərilməsi və məhsulun yığılması işlərinə 200 nəfərdən çox məcburi köçkün cəlb ediləcək ki, bu da onların rifahının daha da yaxşılaşmasına kömək edəcək.
Taxtakörpü ərazisində 1461 hektar sahədə payızlıq taxıl əkən laçınlı məcburi köçkünlər bir neçə gündür ki, arpa biçininə başlayıblar. Bu günədək 500 hektar sahədə biçin aparılıb, 1100 ton məhsul əldə edilib. Hazırda taxıl biçini davam edir.