REGİONLAR


Laçınlı məcburi köçkünlər ötən il görülən işləri müzakirə ediblər

Ağcabədi, 11 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər bu il ilk dəfə olaraq pambıqçılıq və baramaçılıqla məşğul olacaqlar. Bu məqsədlə ərazidə Çindən gətirilmiş 10 min ədəd tut tingi əkilib, pambıq əkini üçün nəzərdə tutulmuş 91 hektar sahə şumlanıb.

AZƏRTAC xəbər verir ki, barədə Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2016-cı ilin sosial-iqtisadi yekunlarına həsr olunan yığıncaqda məlumat verilib.

Yığıncaqda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin görülən işlər və qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib. Bildirilib ki, laçınlı məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə, o cümlədən Taxtakörpü və Qayğı qəsəbələrində abadlıq işləri 2016-cı ildə davam etdirilib. Ərazidə yaşıllıqlar salınıb, ağac və gül kolları əkilib.

Hesabat dövründə 37 nömrəli və Fingə kənd tam orta məktəbləri əsaslı təmir olunub, 46 nömrəli tam orta məktəbdə 6, Aşağı Cicimli kənd tam orta məktəbində isə 4 modul sinif otağı quraşdırılıb. Taxtakörpü ərazisində 45 kilometr uzunluğunda obalararası çınqıl örtüklü avtomobil yolu təmir olunub. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün yararsız halda olan 160 elektrik dirəyi və 30 min metr elektrik naqili yenisi ilə əvəzlənib. 9 yeni transformator quraşdırılıb, 12 transformator əsaslı təmir edilib. Ərazidəki qəsəbə və obalarda olan içməli su şəbəkələrində yararsız hala düşmüş xətlərin 1007 metr hissəsi yenisi ilə, Kür-Mayıs su xəttinin 2000 metr hissəsi polietilen boru ilə əvəz olunub. Taxtakörpü qəsəbəsində qrunt sularının kənarlaşdırılması məqsədilə 1817 metr uzunluğunda drenaj şəbəkəsi tikilib, 400 metrdən artıq kanal qazılıb.

Qeyd edilib ki, laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2016-cı ildə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 72 səyyar qəbul keçirilib. 6139 nəfərin iştirak etdiyi bu qəbullarda 629 nəfər rayon sakininin müraciəti dinlənilib. Səyyar qəbullarda qaldırılan məsələlərin 51 faizi müsbət həll olunub, digər məsələlərlə bağlı aidiyyəti orqanlar qarşında məsələ qaldırılıb.

Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, Taxtakörpü ərazisində məskunlaşmış ailələr üçün qəsəbələrin mərhələli tikilməsi, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun verilməsi, Qayğı qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin təbii qazla təmin olunması, obalarda daxili avtomobil yollarının, içməli su xətlərinin tikintisi və bərpası, modul tipli sinif otaqlarının quraşdırılması, “Şeylanlı-1” və “Vağazin-3” obalarının içməli su ilə təmin olunması, 37 ailəlik qəsəbədə elektrik təchizatının yaxşılaşdırılması qarşıda duran vəzifələrdəndir.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Ağaəli Əhmədov və Milli Məclisin deputatı Mahir Abbaszadə çıxış ediblər.

Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.