REGİONLAR


Laçınlı məcburi köçkünlər respublikanın 48 şəhər və rayonda səs verəcəklər

A+ A

Ağcabədi, 7 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

121 saylı Laçın seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında bu il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi – referenduma hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun olaraq davam etdirilir.

Dairə seçki komissiyasının sədri Hüseyn Səfərov AZƏRTAC-a bildirib ki, Laçın rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu üçün seçki dairəsini əhatə edən məntəqələr respublikanın 48 şəhər və rayonunda, o cümlədən laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Dairənin tərkibinə daxil olan 102 seçki məntəqəsi üzrə 45 min 956 seçici qeydə alınıb. Onlardan 696 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 1220 nəfəri 80-100 yaş arasında, 9 seçicinin yaşı isə 100-dən yuxarıdır. 13 saylı seçki məntəqəsində qeydə alınmış 108 yaşlı Fitat Məmmədova rayonun ən yaşlı seçicisidir.

Komissiya sədrinin bildirdiyinə görə, bütün seçki məntəqələri zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılan hissələrinin müqayisəli təqdimatı seçicilərə paylanılıb. Seçici siyahıları, çağırış plakatları seçki məntəqəsinin girişində, nəzərəçarpacaq yerlərdə asılıb. Məntəqə seçki komissiyalarında seçicilərə paylanılması üçün səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər yazılıb.

Hazırda dairə seçki komissiyasında müşahidəçilərin qeydə alınması davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.